Biz imzaları yox, əsərləri dərc edirik...

Rəsul Rza və Bəxtiyar Vahabzadə – Yaşar Qasımbəyli yazır
521
25 İyun 2020, 08:46
 Artkaspi.az saytı Yaşar Qasımbəylinin "Rəsul Rza və Bəxtiyar Vahabzadə” adlı yazısını təqdim edir:
 
 Bəxtiyar Vahabzadə 60-cı illərin poetik prosesində fəal iştirak edən və ustad Rəsul Rzanın ən çox güvəndiyi sənət­kar­lar­dan biri idi. İlk şeirlərini 40-cı illərin ortalarından çap etdirməyə başlayan gənc şairin onlarla əsərləri və kitabları 50-ci illərdə işıq üzü görsə də, biz bildiyimiz və sevdiyimiz Bəxtiyar Vahabzadə 60-cı illərdən etibarən boy göstərməyə başlayıb. Bir sıra ədəbi zamandaşları və yaşıdları kimi Bəxtiyar Vahabzadə də özünü məhz həmin dövrdən etibarən yenidən qurur və tamamilə yeni estetik dünyagörüşünün nümayəndəsi kimi meydana çıxır. Özü­nü ömrü boyu Səməd Vurğunun şagirdi sayan Bəxtiyar Vahab­za­də həm də Rəsul Rza məktəbinin istedadlı davamçısı idi. Xüsusi vurğulamaq yerinə düşər ki, milli poeziyamızda fəlsəfi şeir təma­yülünün Səməd Vurğundan və Rəsul Rzadan başlanan inkişaf istiqamətlərini birləşdirməklə milli poetik təfəkkürümüzü zənginləşdirənlərdən biri məhz Bəxtiyar Vahabzadə idi. 
 
 

 50-ci illərin ikinci yarısından və 60-cı illərdən etibarən gənc istedadların, ədəbiyyata özündən sonra gələnlərin qayğı­sı­na qalan Rəsul Rza onlarla qələm sahibləri, o cümlədən, Bəx­ti­yar Vahabzadə haqqında da ürək sözlərini yazıb gələcək nəsil­lərə yadigar qoyub getmişdir. Ustad sənətkarın  Bəxtiyar Vahab­zadəyə həsr olunmuş ədəbi düşüncələri, məqalə və ədəbi-tənqidi çıxışları Bəxtiyar Vahabzadəşünaslığın ilk və sarsılmaz təməl daşları kimi bugün də mühüm əhəmiyyət kəsb etməkdədir. 
 Bəxtiyar Vahabzadəyə münasibəti Rəsul Rzanın XX yüzil Azərbaycan ədəbiyyatı haqqındakı fikir və düşüncələrini öyrən­mək baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusi qeyd et­mə­yə dəyər ki, R.Rzanın öz ədəbi yaşıdları və ən yaxın müa­sir­ləri arasında yüksək qiymətləndirdiyi şairlərdən biri S.Vur­ğun, M.Müşfiq və B.Vahabzadə idi. Ədəbi prosesə və ümumən, ədəbiy­yat tariximizə yüksək meyarlar və tələbkarlıqla yanaşan R.Rzanın B.Vahabzadə yaradıcılığına bu cür münasibəti təsadüfi deyildi. Söz sənətinin əsl bədii dəyərlərə və sərt, amansız ictimai həqiqətlərə sədaqətini hər şeydən yüksək tutan R.Rza bunların estetik inikasını B.Vahabzadə yaradıcılığında müşahidə etdiyinə görə cavan və mübariz həmkarının ədəbi axtarışlarını qiymət­lən­dir­məyi sanki özünə borc bilirdi. R.Rza məhz buna görə də sabiq ümumittifaq mətbuatında və milli nəşrlərdə çap etdirdiyi məqalələrində 60-cı illərin ən canlı və döyüşkən şairlərindən biri kimi yeri gəldikcə B.Vahabzadəyə müraciət edir, onun poetik uğurlarını və cəsarətli bədii yeniliklərini müdafiə edirdi. 
 
 B.Vahabzadənin R.Rza yaradıcılığına və onun ədəbi şəx­siyyətinə münasibəti də diqqətəlayiqdir. Öz ustadının mürək­kəb mübarizələrdə və gərgin sənət döyüşlərində cilalanmış, bərkimiş və milli həqiqətlərə sadiq poeziyasını B.Vahabzadə yüksək qiy­mət­ləndirir, özünün və yaşıdlarının, hətta daha sonra ədəbiyyata gələnlərin uğurla irəliləməsində R.Rza zəhmətinin və iztirab­la­rının misilsiz xidməti olduğunu dərindən anlayırdı. Məhz buna görə də altmışıncıların mənəvi qardaşı və yoldaşı Bəxtiyar Vahab­zadənin "Ey şair, sən haqlısan” (1960) şeirində R.Rza sənə­­tinin mahiyyəti və taleyi ilə bağlı səslənən əhəmiyyətli fikir­lər ümummilli dəyərə malikdir. Müəllifin düşüncələri, xüsusən, o illər üçün, təzəcə başlanmaqda olan poetik epoxanın estetik ma­raq­ları nöqteyi-nəzərindən çox qiymətlidir. Şeirin yazıldığı tarix  çox önəmlidir. Azərbaycan ədəbiyyatı, ümumən, o dövrdəki çox­millətli sovet ədəbiyyatı tarixində 50-ci illərin sonu və altmı­şın­cıların əvvəlləri köhnə ədəbi epoxanın başa çatması və yeni poetik eranın başlanması dövrü kimi səciyyələnir. Gənc Bəx­ti­yar Vahabzadənin ustad Rəsul Rzaya həsr etdiyi şeirində məhz zamanın həmin keyfiyyəti və ab-havası diqqət mərkəzinə çıxa­rılıb. Şeirin R.Rzaya xitabən yazılması da təsadüfi deyil. Müəllif sevdiyi və pərəstiş etdiyi poeziya ustadlarından məhz R.Rzanı seçib, ona müraciət edirdi. Bunun səbəbi isə ondan ibarət idi ki, dəyişməkdə və yenilənməkdə olan milli poeziyanın əsaslana bilə­cəyi, söykənə biləcəyi əsas ədəbi zirvələrdən biri məhz R.Rza idi. Zamanın günbəgün yeniləşən ideya-estetik ehtiyac­la­rına R.Rza şeirinə güvənmədən cavab vermək çox çətin idi. O dövrün ədəbi gəncliyi və bədii yaradıcılığında yeni bir mərhə­lə­nin başlanğıcına qədəm qoymuş, atəşin istedad sahibi B.Vahab­zadə öz mənəvi-estetik məqsədlərinə və hədəflərinə çatmaq üçün necə şeir yaratmağı  arzulayırdı? R.Rzaya həsr olunmuş şeirdə məhz bu cür konkret və kəskin suallar qoyulur, onlara israr­la cavab axtarılırdı. Şeirin əvvəlində ənənəvi və köhnə şeir mode­lini şərti şəkildə misal gətirərək müəllif aşağıdakıları söy­lə­yirdi:                               
Bu sözlərin nə canı, 
Nə isti nəfəsi var. 
Ancaq bir parıl­tısı, 
Bir də küylü səsi var. 
Fişəng kimi gurlayır, 
Aləmə düşür səsi, 
Ancaq bir sərçəni də 
Öldürə bilməz onun
Bər-bəzəkli gülləsi. 
 
 Müəllif bu poetik düşüncələr və paralellər fonunda yeni şeirin zəruriliyi barəsində dərin fikirlərə dalır. Cansız və soyuq misraların hökmranlığı mühitində, səs-küylü və parıltılı şeirlərin düşüncə və təsəvvürləri mühasirəyə aldığı zamanın yeni şeirə olan qarşısıalınmaz ehtiyacını vurğulayır. Belə şeirlərlə oxucuları aldatmaq, sürtülmüş və dəbdən düşmüş qafiyələrlə könüllərə hakim olmaq mümkün deyil:
 
Vəzni sözlə doldurub 
Qafiyə ilə oynamaq,
Daz başa nahaq yerə, 
Daraq çəkməkdir ancaq! 
 
 Gənc Bəxtiyar Vahabzadə yeni şeir gülüstanında gözəl və ətirli güllər əkilməsini arzulayır. Bu ədəbi arzuların həyata keçməsi uğrunda mübarizədə isə o, daha çox öz yaşıdlarına və ustad Rəsul Rzaya güvənirdi. 
 
Sənət gülüstanına 
Elə sözlər əkək ki, 
Orda alaq olmasın. 
Qafiyən çolaq olsa, 
Zərəri yoxdur, təki
Fikrin çolaq olmasın. 
 
 Şeirdə təkcə bədii məzmunun yeni və həyati olması şərti irəli sürülməyib. Yeni ədəbi nəslin yeni bədii yollar­dan getmək arzusunu da müəllif irəli sürür. Yəni köhnə bədii vasitələrlə yeni ədəbiyyat yaratmaq mümkün deyil. Zamanın rit­mi­nə, sürətinə uyğun yeni estetik ölçülər və biçimlər də zəru­ri­dir. Bu keyfiyyətləri də yetişməkdə olan ədəbi nəsil məhz R.Rza irsində tapır, onun yaradıcılığında yeni bədii forma və üsulların mövcud olduğuna səmim-qəlbdən inanırdılar. Yeni lirik "mən” məhz bu ovqatla ustad sənətkara müraciət edir: 
 
 

Min illik şeiri­miz­də təzə cığırlar açan 
Mənim məslək yoldaşım, 
Açdığı təzə yolda hələlik tək yoldaşım! 
Deyirlər: - Vəznin sənin tez-tez dəyişkən olur. 
Deyirlər: - bu vəzndə fikrin yolu gen olur. 
Vəzn gəril­məlidir dövrün əsəbi kimi. 
Qoy o tez-tez dəyişsin əsrin tələbi kimi... 
Deyirsən: - zaman ötür, bir yerdə saymaq olmaz. 
De­yirlər: - Nizamiyə, Füzuliyə bax, barı. 
Deyirsən: - Sizdən artıq mən sevirəm onları. 
İstəyirəm əsrimi, zəmanəmi mən duyam: 
Mən də onlar tək axı öz əsrimin oğluyam. 
Deyirlər: - mis­raları bölmə belə tən yarı, 
Axı onda çox olur sətrin dolan­bac­ları. 
Deyirsən: - Şeirim mənim öz əsrimə baş əyir, 
Vəznim də öz əsrimin yollarına bənzəyir. 

 Göründüyü kimi, şeirdə R.Rzanın poeziyamız tarixində bir islahatçı kimi fəaliyyəti və xidmətləri vurğulanır. Zamanın yeni bədii ifadə vasitələrində inikası R.Rza şeirinin əsas nailiyyətlərindən biri kimi təqdim olunur. Həmişə yeni olmağa can atan və öz mahiyyətini, varlığını təzə, orijinal ifadə yolları ilə əks etdirməkdə maraqlı olan gənclik üçün R.Rza poeziyası bu mənada hava və su kimi zəruri idi. "Şair, sən haq­lısan” şeirindəki bu mühüm qayə, qeyd etməliyik ki, R.Rzaya həsr olunmuşbaşqa şeirlərdə də qabarıq surətdə nəzərə çarpır. Ustad poeziyasına yenilikçi və yeni dövrün poetik bələdçisi statusundakı yanaşması ilə B.Vahabzadə R.Rzaya həsr olunmuş başqa şeirlərin də ideya-estetik istiqamətinə və pafosuna müəy­yən dərəcədə təsir göstərmişdi. Bir çox başqa altmışıncılar da R.Rzaya həsr etdikləri şeirlərdə B.Vahabzadə mövqeyini və münasibətini uğurla davam etdirdilər. "Şair, sən haqlısan” şeiri­nin son misraları, həqiqətən, yeni poetik epoxanın istək və arzu­la­rını aydın şəkildə və sərrast ifadə edirdi: 
 
Ey Rəsul, sən haq­lısan, 
Çünki sən öz əsrinə 
Daha artıq bağlısan. 
Sənət gülüstanına 
Qədəm basandan bəri 
O köhnə ölçüləri 
Cəsarətlə sən atdın. 
"Məna”, "məna”-demədin, 
Sən mənalar yaratdın.
 
XX yüzilin bədii yeniliklərinin, xüsusən, bədii inikas şəkil­lə­rinin zənginləşməsində R.Rzanın zəhmətləri əvəzsizdir. Ədə­biy­yata təzə gələnlər, təbii olaraq, yaradıcılıqda novatorluq nüma­­yiş etdirənlərə daha çox müraciət edirlər. Gəncliyin yeni görün­mək həvəsi onları orijinal ədəbi ünvanlara yönəldir və meylləndirir. Ə.Kərimin R.Rza haqqındakı məşhur şeirində ustad sənətkarı "Əsrin ahəngi, vəzni” deyə səciyyələndirməsi, B.Vahabzadənin "O köhnə ölçüləri Cəsarətlə sən atdın” deməsi ustad R.Rzanın islahatçı sənətkar olmasına işarədir. Elə bu səbəb­dən də altmışıncılar R.Rzanı sevir, onu özlərinin ədəbi kumiri sayırdılar. 
  Böyük şairin milli ədəbi mühitimizdəki hər bir yeniliyə həssas münasibəti ədəbiyyat aləmində kifayət qədər məlumdur. Bu səbəbdən R.Rzanın B.Vahabzadəyə münasibəti də istisna deyil. Özünün bütün cavan qələm dostlarına dayaq olduğu kimi, R.Rza 50-ci illərin ikinci yarısında kəskin ədəbi və siyasi hü­cum­­lara məruz qalan gənc B.Vahabzadədən də köməyini və qayğsını əsirgəməyib. Məhz həmin illərdə qələmə aldığı və gənc şairin Moskvada nəşr olunan kitabında çap etdirdiyi "Bəx­ti­yar Vahabzadə” məqaləsində ustad şair yazırdı: "Bəxtiyar Vahab­zadə sözün əsl mənasında şairdir. Onun poetik fırçasının çəkdiyi lövhələr rəngarəng və maraqlıdır. Dili şirəli və koloritlidir. B.Vahabzadənin poeziyası – düşüncələr poeziyasıdır. Bu düşün­cə­lər bəzən həyatın üst qatlarına toxunsa da, şeirlərinin bir qis­min­­də ayrı-ayrı motivlər təkrar olunsa da, ümumiyyətlə, B.Va­hab­­­zadənin poeziyası müasir Azərbaycan ədəbiyyatının maraqlı  hadisələrindəndir. Şair ən yaxşı  şeir oxucuları ilə məh­rəmanə söhbət edir. Adama elə gəlir ki, o daha bir şeir yazmaq istə­mə­miş, öz dəruni fikirlərini ən yaxın dostları – oxucuları ilə bölüşməyi arzulamışdır. Şairin ovqatı qeyri-ixtiyari olaraq sizə sirayət edir, sizi sevinc, kədər bürüyür. Siz əvvəllər, bəlkə də qəlbinizdə bu cür emosiyalar doğurmayan şeylərin, hadisələrin mənası haqqında düşünməyə başlayırsınız. İndi isə həmin şeylər, hadisələr dəqiq tapılmış  şairanə sözlərin gücü ilə qat-qat  mühüm əhəmiyyət kəsb edir. Onlar sizi fəaliyyətə, məhəbbətə, nifrətə çağırır...”. 
 "Bəxtiyarlıq” adlanan və 70-ci illərdə yazılmış başqa bir məqaləsində isə R.Rza özünün ən istedadlı davamçılarından biri olan B.Vahabzadə poeziyasına yenidən müraciət edir. Çağdaş şeirimizin görkəmli nümayəndələrindən biri kimi yüksəlmiş cavan qələm dostunun poetik uğurlarına ürəkdən sevindiyini bil­dirir. B.Vahabzadə şeiriyyətinin ən ümdə estetik keyfiyyətləri və xüsusiyyətləri barəsində sevimli oxucularla fikirlərini bölü­şür: "...Şair Bəxtiyarın Bəxtiyarlığı onun qibtə ediləcək dərəcədə böyük olan istedadıdır. Bu yaradıcılıq istedadı ona dərin xalq məhəbbətini qazandırmışdır. Onu Vətənin sevimli şairi etmişdir. Belə bir tale səadətdir. Belə bir insan, həqiqətən, bəxtiyardır. Onun ilhamlı ürək döyüntüsi ilə keçən yuxusuz gecələri onun xalqını, Vətənini əsrin çətin yüksəliş yollarında, yürüşdə ilk sıra­larda görmək arzusu ilə keçirdiyi nigaranlıq, duyduğu sevinc, keçirdiyi incikli günlər hər kəsə nəsib olmayan bəxtiyarlıqdır. Qəlbindən qopan duyumlarda, incə deyimlərdə canlanan həqiqi poetik fikirlər minlərlə insanın, müasirlərinin mənəvi aləmini zənginləşdirir – bu həqiqi bəxtiyarlıq deyilmi? Bu bəxtiyarlıq bir insan, bir vətəndaş, bir nəğməkarın bəxtiyarlığıdır. Mən Bəxti­yarı belə tanımışam, belə duymuşam, belə sevmişəm”. Yaxın keçmişimizin iki qüdrətli sənətkarının ustad-şagird münasibəti və bir-birlərinə qarşılıqlı sevgisi bugünkü və gələcək nəsillər üçün də son dərəcə ibrətamiz, qiymətli bir nümunədir.