Biz imzaları yox, əsərləri dərc edirik...

Bu Odlar Yurdunu sən qoru, Allah – Leyla Əliyevanın şeirləri
2588
03 İyul 2020, 09:26
 Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, şair Leyla Əliyevanın doğum günüdür. "Kaspi" qəzeti və Artkaspi.az saytının kollektivi Leyla xanıma bu münasibətlə təbriklərini çatdıraraq şeirlərini təqdim edir: 
 
AZƏRBAYCAN

Xəzər dalğa-dalğa könlümü çalar,
Külək qucaqlayar çiyinlərimi.
Gözəl Azərbaycan  bənzərsiz diyar,
Baxdım, söz tapmadım, susdum lal kimi.
 
Təbəssüm saçılan hər üzdə nur var,
Quşların səsiylə açır dan yeri.
Gözəl Azərbaycan – müqəddəs diyar,
Ulduzlar bağrında xal gecələrin.
 
Sərvətdən yaradıb Allah bu yeri,
Zirvələr, vulkanlar, meşələr, göllər.
Gözəl Azərbaycan – Tanrının sirri,
Sənə xeyir-dua göylərdən gələr.
 
Bir ocaq başında qızınır hamı,
İnsana məhəbbət Allah əmridir.
Haqqı, mərhəməti, dini, inamı,
İnsanlar qol-qola sabaha gedir.
 
Göylərdən endilər sanki sübh çağı,
Xeyir işlər üçün insanlar yerə.
Gözəl Azərbaycan  pirlər ocağı,
Sınmadıq, yenmədik əsən yellərə.
 
Bu Odlar Yurdunu sən qoru, Allah,
Bu, sevgi, mərhəmət, sülh diyarıdır.
Mələklər görünür hər axşam-sabah,
Üzümüz, yolumuz sənə sarıdır.
 
Heç kəsə yamanlıq istəmirəm mən,
Dünya həsrət qalsın zülmə, savaşa.
Gözəl Azərbaycan - sevimli Vətən,
Sənə baş əyirəm! Əbədi yaşa!!!
 
Tərcümə edən: Baba Vəziroğlu

 
 
SƏNİ ATMAQ İSTƏMİRƏM 

Səni tərk etmək çətin!.. -
Mən bunu istəmirəm...
amma atıb gedəcəm
bu səddi yenməliyəm.
Məğlub olmaq üçünmü
Oyun oynadın? – Nədən?!
Bir sual et özünə 
Dərk et bunu dərindən...
Neyçin oyuna girdin?
Ağ bayraqla bitirdin.
Öncədən bilə-bilə,
Sən sonunu yetirdin.
Bunu bilirdin, əlbət,
Amma gözə almadın,
Zəfər ciddi addımdır,
Sən bunu anlamadın.
Yoxdur qalib! – Heç bunu
Gətirmə xəyalına.
Zəfər sözü çox yaddır
Bu oyunun adına...
Həyat elə həyatdır
Filmlərə aldanma
Bəs onda səbəb nədir
Təlaşa, həyəcana?..
Gözlərinə baxıram –
Hisslər, duyğular labüd...
Sanma gənc ürəkdədir
Bütün şübhə, tərəddüd...
İnanırdın sonunda
Hər şey yaxşı olacaq,
Hər halda gözləyirdin,
İnanmağınsa – nahaq...
Sonun axırı budur,
Belə də olmalıymış..!
Ən sona nöqtə qoyub
Yeni həyat başlamış...
İtirməksə çətindir,
Bunu mən də bilirəm
Çünki özüm bu yolu
Qarış-qarış gəlirəm...
"Bağışla” desəm sənə
Yüngüllük taparsanmı?
Ən duyğulu anında,
İtirdiyini duyub
Köksün üstə sıxdığın
Bu nazik əllərimi
Xahiş eləsəm səndən
Açıb buraxarsanmı?
"Sızıldama, ağlama!” –
Yox, ağlayan deyilsən..!
"Unut, yadından çıxart!” –
Unudan da deyilsən...
Xahiş edirəm, süzmə
Həsrətli gözlərinlə...
Yanaşı olanda da
Təkdin öz aləmində...
Az da olsa, əqlimi,
Başımdan eyləmişdin.
Səni mən Məcnun etdim;
Etirafda gecikdim..?
Lap boynuma alsam da,
günahımı – nə fayda?..
Günahlar silinəcək
Gün üfüqdən baxanda...
Sən də qeyb olacaqsan,
Günahlarla birlikdə...
Təlaşlanma, yellənmə
qürubun yedəyində.
Mən sənə "yox!” deyirəm
"Yox” mövcud olmasa da...
Yolasa tək çıxıram
Həyəcanlar sarsa da...
Aramızda uçurum –
Dərinliyi bir ümman.
Torpaq tökmə – bitişməz
Heç cəhd etmə, ay oğlan.
Gedirəm, qəzəbliyəm,
Kinim – oddan-alovdan..!
Addımlarımsa kövrək,
Arxasında bir inam...
 


 
GEDİM BİR AZ AĞLAYIM

Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Ürəyimi gizlədim yastığımın altında.
Pəncərəni açaraq
Kövrəlmiş ürəyimi
Bəlkə həyətə atım?!
Həyatın ağuşuna?!
Yox, yaxşısı budur ki,
Gedim bir az ağlayım,
Elə-belə... astaca.

Kimsə duyuq düşməsin
Kədərimdən, qəmimdən,
Durub yol alım bağa
Astaca ağlamağa...
Götürüm ürəyimi
Atım çoşan ümmana –
Dalğaların qoynuna.
Heç dinə də bilməsin -
"Niyə sığmır sinəmə?"
Gah tufan, gah da rüzgar
Apardıqca uzağa...

Yox! Yaxşısı budur ki,
Qoy dirrikdə basdırım,
Dirilib çiçək olsun.
Ya da ki, bala tutum,
Acısın unutdurum.
Özümü aldatsam da,
Qoy ruhu ovundurum,
Acısın unutdurum.

Ya dostları çağırım
Axşam vaxtı mən şama -
Şərab içək doyunca.
Könlümü də versinlər,
Büllur qabda ortaya,
Dostlar ondan dadsınlar,
Dadıb, gəlsinlər cana.

Budur, orda uşaqlar
Atılırlar-düşürlər,
Bəlkə topları yoxdu?
Qoy verim ürəyimi
Qovsunlar yorulunca...

Yox!
Artıq kədərlənmək yox!
Ürəyin dediyiylə
Oturmaq yox, durmaq yox!
Atım onu bazarda,
Ya da sizə verəcəm,
Elə-belə, bədava.

Gecənin sükutunda
Ürəyimlə tənhayam.
Yağış yağır, islanır
Çətir tutmuram ona
Qoy incisin...
Nə qədər
oyun açıb başıma...

Hərdən üsyana qalxıb
Həm Günəşə, həm Aya
Hayqırıram: "Götürün,
Verdim onu Allaha!"
Amma qərar vermədim,
Neyçin qərar vermədim,
Bu geniş ürəyimi
Sənə bağışlamağa?!

Tərcümə edən: Mahir Qabiloğlu